Bloq

Kiçik biznes üçün süni intellekt: hansı işləri avtomatlaşdırmaq olar?

Ekim 14, 2026 · CodeOn

Süni intellekt haqqında danışıq çoxdur, amma kiçik biznes sahibinin sualı sadədir: mənim işimdə konkret nəyi dəyişir? Cavab da sadədir — AI işinizi idarə etmir, sizin hər gün təkrarladığınız xırda işləri əlinizdən alır.

Aşağıda həqiqətən avtomatlaşdırmağa dəyən yeddi proses var. Hamısı 5–20 işçisi olan biznesdə sınaqdan keçib.

1. Müraciətlərin bir yerə yığılması

Müştəri Instagram-dan yazır, başqası saytdakı formadan, üçüncüsü WhatsApp-dan. Hamısı ayrı yerdə qalır, biri mütləq unudulur.

Avtomatlaşdırma bütün bu kanalları bir cədvələ yığır və yeni müraciət gələn kimi telefonunuza bildiriş göndərir. Ən sadə, ən tez qazanc gətirən addımdır — çünki itirilən hər müraciət birbaşa puldur.

2. Səhər hesabatı

Hər səhər saat 9-da telefonunuza bir mesaj gəlir: dünənki satış, saytdakı ziyarətçi sayı, reklam xərci, yeni müraciətlər. Beş panelə ayrı-ayrı girmək əvəzinə bir mesaj.

Bu sistemi biz özümüz də istifadə edirik — gündəlik rəqəmləri izləmək vərdişi qərarları dəyişir.

3. Rəy toplama

Müştəri aldıqdan üç gün sonra avtomatik mesaj gedir və Google rəyi istənilir. Lokal biznes üçün Google rəyləri xəritədə görünmənin əsas amilidir, amma demək olar heç kim bunu sistemli etmir — çünki əl ilə yadda saxlamaq mümkün deyil.

4. Məzmun hazırlığı

AI sizin yerinizə post yazmır — yaxşı post üçün sizin bilikləriniz lazımdır. Amma boş səhifə problemini həll edir: ilk variantı çıxarır, başlıq variantları verir, uzun mətni qısaldır, eyni fikri üç fərqli formatda yazır.

Burada əsas məsələ düzgün sorğu yazmaqdır. ChatGPT istifadə qaydaları yazısında prompt yazmağın praktiki qaydaları var.

5. Sənəd və hesabat işləri

Sifariş gəldi — invoys avtomatik yaranır, PDF kimi müştəriyə gedir, nüsxəsi arxivə düşür. Ayın sonunda hesabat özü hazırlanır. Bu işlər adətən həftədə bir neçə saat yeyir və tam avtomatlaşdırıla bilir.

6. Təkrarlanan suallara cavab

Gələn mesajların böyük hissəsi eyni beş sualdır: qiymət, iş saatı, ünvan, çatdırılma, zəmanət. Bunlara avtomatik cavab qurmaq operatorun vaxtının yarısını azad edir.

Vacib şərt: avtomatik cavab özünü insan kimi göstərməməlidir və çıxılmaz vəziyyətdə söhbəti dərhal canlı adama ötürməlidir.

7. Rəqib və bazar izləməsi

Rəqibin qiyməti dəyişdi, yeni kampaniya başladı, sizin açar sözdə mövqeyiniz düşdü — bunların hamısını avtomatik izləyib xəbərdarlıq almaq olar. Həftədə bir dəfə əl ilə yoxlamaqdansa, dəyişən kimi bilirsiniz.

Haradan başlamaq lazımdır?

Hamısını bir anda qurmayın. Bir həftə ərzində gördüyünüz işləri yazın və iki suala baxın: hansı iş ən çox təkrarlanır və hansı iş unudulanda ən çox zərər verir? Kəsişmə nöqtəsi birinci avtomatlaşdıracağınız işdir.

Texniki tərəfdən bu sistemlər adətən n8n kimi platformalarda qurulur — kod yazmadan, blokları bir-birinə bağlamaqla. Kanan Nasibov bu platformanı öz saytında sıfırdan izah edib: n8n avtomatlaşdırma yazısı başlanğıc üçün yetərlidir. Süni intellektin ümumi mənzərəsi üçün isə süni intellekt nədir bələdçisinə baxın.

Nəyi avtomatlaşdırmamaq lazımdır

Bir neçə iş var ki, avtomatlaşdırmaq ziyandır:

  • Şikayətlə gələn müştəri. Narazı adam avtomatik cavab alanda iki qat narazı olur.
  • Qiymət danışığı. Burada insan qərarı lazımdır.
  • Yoxlanmamış məzmunun birbaşa dərc olunması. AI mətni həmişə insan gözündən keçməlidir — xüsusən rəqəm və ad varsa.

Bu sistemləri biznesinizə qurmağımızı istəyirsinizsə, əlaqə səhifəsindən yazın — proseslərinizə baxıb hansının avtomatlaşdırmağa dəydiyini birlikdə müəyyən edək.

Bu xidmətlə maraqlanırsınız?

Layihəniz üçün fərdi qiymət təklifi hazırlayaq.